Bakıda “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək Konfrans gənclərlə iş vasitəsilə islamofobiya, antisemitizm və dinə əsaslanan digər ayrıseçkilik formalarını müzakirə etmək və birgə addımları müəyyən etmək məqsədilə keçirilir
4-8 noyabr tarixlərində Bakıda dini fərqlilikdən kənar devizi altında “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzsunda beynəlxalq konfrans keçiriləcək. Konfrans gənclərlə iş vasitəsilə islamofobiya, anti-semitizm və dinə əsaslanan digər ayrıseçkilik formalarını müzakirə etmək və birgə addımları müəyyən etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi Avropa Şurası, İSESCO, Avropa Gənclər Forumu və “Dialoq və Əməkdaşlıq Uğrunda” İslam Konfransı Gənclər Forumu tərəfindən təşkil edilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfrans zamanı iştirakçılar islamofobiya, anti-semitizm və dinə əsaslanan digər ayrıseçkilik formalarının reallıqlarına aid təcrübələrini bölüşəcək, ayrıseçkilik formalarına qarşı gənclər tərəfindən istifadə edilən metod və təcrübələri tədqiq edəcək, Avropada və ondan kənarda dini zəmində baş verən ayrıseçkiliyin ümumi məzmunu və ayrı-ayrı hallarını təhlil edəcək, gənclər təşkilatları və institutları arasında gələcək əməkdaşlığın, birgə layihələrin inkişafının və gənclər şəbəkəsinin dəstəklənməsi yollarını öyrənəcəklər. O cümlədən, partnyor təşkilatların mədəniyyətlər və dinlərarası dialoquna töhvə kimi gənclər tərəfindən davamlı şəkildə mədəniyyətlər və dinlərarası dialoqun aparılması üçün müvafiq fəaliyyətlər və tədbirlər müəyyənləşdiriləcək. Proqrama əsasən “reallıqların bölüşdürülməsi və vəsiyyətin xəritəsi”, “Din, dinə və ya inanclara əsaslanmış ayrıseçkilik və insan hüquqları”, “gənclər siyasəti və gənclərlə iş sahəsində dini zəmində ayriseçkiliyə qarşı cavabdehlik” mövzuları üzrə panel iclaslar olacaq və aşağıdakı işçi qruplarda birgə fəaliyyət üçün təkliflər nəzərdən keçiriləcək: Din, mədəniyyət və özünüdərk; Din, dinə və ya inanclara əsaslanmış ayrıseçkilik və gender bərabərliyi; Söz azadlığı və din azadlığı; Qərəzli mövqe və stereotiplər: media və təhsil; Din və insan hüquqları; Gənclər siyasəti və gənclərlə iş arasında sinerjiya; Dinc yanaşı yaşamaq, icmanın formalaşması və miqrasiya; Gənclər və ekstremizm./ANS PRESS/
|