Главная » 2008 » Sentyabr » 18 » Paralimpiyaçılarımız Pekin Paralimpiya Oyunlarında medalların sayını ikiqat artıraraq Azərbaycan Paralimpiya tarixində rekorda imza atıblar
Paralimpiyaçılarımız Pekin Paralimpiya Oyunlarında medalların sayını ikiqat artıraraq Azərbaycan Paralimpiya tarixində rekorda imza atıblar
21:12
Paralimpiyaçılarımız Pekin Paralimpiya Oyunlarında medalların sayını ikiqat artıraraq Azərbaycan Paralimpiya tarixində rekorda imza atıblar.
Paralimpiya oyunlarında ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandıran cüdo komandamız Avropa ölkələri arasında ilk mövqedə qərarlaşıb
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunları başa çatdı. Pekinə 18 idmançı ilə yollanmış Azərbaycan komandası vətənə 10 medalla dönür. +100 kg çəkili cüdoçuların yarışında təmsilçimiz İlham Zəkiyev və kürəatma yarışlarında mübarizə aparan Oluxan Musayev Pekin Paralimpiya Oyunlarının qızıl medalını qazandılar. Digər cüdoçularımız Tofiq Məmmədov (90 kg), Kərim Sərdarov (100 kg) və 3 təkanla uzun məsafəyə tullanma yarışlarında mübarizə aparan Ziynəddin Bilalov uğurlu çıxış edərək paralimpiya oyunlarının gümüş medalını qazandılar.
60 kg cüdoçuların yarışında mübarizə aparan Ramin İbrahimov, uzunluğa tullanma yarışlarında mübarizə aparan atletimiz Oleq Panyutin, 3 təkanla tullanma yarışlarında Vladimir Zayets, 100 metr məsafəyə qaçışda yarışan Vüqar Mehdiyev və 400 metr məsafəyə qaçışda yarışan Rza Osmanov XIII Pekin Paralimpiya Oyunlarının bürünc medalını qazandılar. Paralimpiya oyunlarında ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandıran cüdo komandamız Avropa ölkələri arasında ilk mövqedə qərarlaşıb.
Beləliklə Pekində 2 qızıl, 3 gümüş, 5 bürünc olmaqla cəmi 10 medal qazanan Azərbaycan komandası 38-ci mövqedə qəraralaşıb. XII Afina Yay Paralimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan komandamız, Pekin Paralimpiya Oyunlarında medalların sayını ikiqat artıraraq Azərbaycan Paralimpiya tarixində rekorda imza atdılar və Azərbaycan idmanının inkişaf səviyyəsini bir daha nümayiş etdirdilər. Azərbaycanda idmançılara yaradılan yaxşı şərait , təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, idmançıların hazırlanması üçün görülən böyük işlər, Azərbaycanda əlillərin idmana cəlb olunmasına, paralimpiya hərəkatının yaranmasına və nəhayət, belə yüksək nəticənin əldə olunmasına gətirib çıxardı. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə XIII Yay Paralimpiya Oyunlarında əldə edilmiş nəticələrə görə qızıl medal qazanmış hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, gümüş medal qazanmış idmançıya 100 min manat, məşqçisinə 50 min manat, bürünc medal qazanmış idmançıya 50 min manat , onun məşqçisinə isə 25 min manat məbləğində mükafat ayrılıb.
Qeyd edək ki, Paralimpiyaçılarımız sentyabrın 19-da Vətənə dönəcəklər./ANS PRESS/